CƏMİYYƏT
Yasamal rayonunda avtomobillərin katalizatorlarını oğurlayan şəxs yaxalanıb VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat zamanı Bakı şəhər sakini Xəyal Hüseynzadə tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun Yasamal və paytaxtın digər rayonlarında ümumilikdə altı avtomobilin katalizatorunu oğurladığı məlum olub. Xəyal Hüseynzadə əsasən “Mitsubishi Pajero” markalı avtomobillərin katalizatorlarını kəsib oğurladığını etiraf edib.
Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Xəyal Hüseynzadə saxlanılan zaman onun üzərindən aşkarlanıb.
Onun barəsində 26-cı polis bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəyal Hüseynzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.