REGİONLAR
Yaşayış binalarında təmir-bərpa işləri aparılır
Naxçıvan, 9 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərinin bir neçə ünvanında yaşayış binalarının təmir-bərpası sürətlə davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “İstiqlal” küçəsindəki 89 nömrəli, zirzəmi ilə birlikdə 5 mərtəbəli, 36 mənzilli binada Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən təmir-bərpa işlərinə iyul ayının əvvəlindən başlanılıb. Binanın təməlində betonbərkitmə işləri görülüb, köhnə pəncərələr yenisi ilə əvəz olunub, elektrik və rabitə xətləri dəyişdirilib. Hazırda fasad hissəyə üzləmə daş vurulur, dam örtüyü yenilənir.
“İstiqlal” küçəsinin növbəti quruculuq ünvanı isə 97 nömrəli, 4 mərtəbədən, 36 mənzildən ibarət olan yaşayış binasıdır. Obyektin iş icraçısı Samiq Abdullayevin verdiyi məlumata görə, iyulun 12-dən başlanan təmir-bərpa işləri tam sürətlə davam edir, əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub. İnşaatçılar lazımi mal-material və texniki təhlükəsizlik ləvazimatları ilə təmin ediliblər. Binanın köhnə, yararsız hala düşən üz qabığı hamar hala salınıb, daxildəki kommunikasiya xətləri yenilənib. Hazırda təməldə bərkitmə, betonlama, bloklarda suvaq işləri aparılır.
Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları şəhərin Heydər Əliyev prospektindəki 40 nömrəli, 3 mərtəbəli, 22 mənzilli yaşayış binasında iyun ayının sonlarından etibarən təmir-bərpa işləri həyata keçirirlər. Obyektin iş icraçısı Şöhrət Qoçəliyevin verdiyi məlumata əsasən, binanın ön fasadı üzlənib, həmçinin elektrik və su xətləri yenilənib, dam örtüyü vurulur.
Qeyd edək ki, muxtar respublikada əhalinin firavanlığına xidmət edən mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər çoxşaxəlidir. Qayğıya ehtiyacı olan vətəndaşların mənzil və fərdi yaşayış evləri ilə təmin olunması, mövcud yaşayış binalarının əsaslı şəkildə bərpa edilərək və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yenilərinin tikilməsi insan amilinə verilən böyük önəmin təzahürüdür.