İQTİSADİYYAT
Yasin Arslan: Gənclərin “TEKNOFEST” festivalına marağı bizi motivasiya edir
Bakı, 28 may, AZƏRTAC
“TEKNOFEST” festivalı daha çox gənc nəslin texnologiyaya, müdafiə sənayesinə diqqətini çəkməyə yönəlib. Qardaş ölkədə keçirilməsinin isə həm ölkəmiz, həm də Azərbaycan adına olduqca yaxşı bir fikir olduğunu düşünürük. Gənclərin marağı hədsiz çoxdur. Onların marağı bizi motivasiya edir və daha çox çalışmalı olduğumuz məsuliyyətini hiss edirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ASFAT şirkətinin quru və hava layihələrinin inkişafı üzrə müdiri Yasin Arslan deyib.
Onun sözlərinə görə, Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT tərəfindən “TEKNOFEST Azərbaycan”da şirkət tərəfindən istehsal olunan “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) ilə əlaqədar məhsul və maketlər nümayiş etdirilir: “İndiyədək Azərbaycana “MEMATT” məhsulu olan 7 minatəmizləmə texnikası verilib. Daha sonra təchizat üzərində bəzi təkmilləşdirmələr aparıldı. Əvvəlki modeldə texnika 500 metrdən idarə edilə bilirdi. Hazırkı modeli 5 min metr məsafədən idarə etmək mümkündür. Bundan əlavə, texnikanın minatəmizləmə qabiliyyəti artırılıb, motor həcmi və gücü yüksəldilib, kamera sayı çoxaldılıb. Bir çox əlavələr edilib, idarəetmə ölçüsü optimallaşdırılıb. Sərgilənən həmin texnikalardan biri yaxın zamanlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim ediləcək. Bundan əlavə, 12 belə texnika qısa müddət ərzində Azərbaycana veriləcək”.
Mütəxəssis bildirib ki, texnikanın saatda nə qədər ərazi təmizləməsi ərazinin tipinə, meteoroloji amillərə görə dəyişir: “İki kvadratkilometrədək ərazini təmizləyə bilər. Texnika fasiləsiz 8 saat işləyir. Hazırkı şərtlərdə gecə saatlarında da işləməsi mümkündür. Lakin hava işıqlı ikən işləməsi daha çox tövsiyə olunur. Çünki minatəmizləmə işi yüksək risk daşıyan və təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tələb edən prosesdir. "MEMATT" dünyadakı rəqiblərinə görə çox sürətli minatəmizləmə qabiliyyətinə malikdir. Bundan əlavə, ASFAT-ın digər məhsullarını da nümayiş etdiririk. A400 M təyyarəsi, gəmi və həssas bələdçi dəstinin maketləri də sərgilənir".