REGİONLAR
Yavuz Donat: Azərbaycan kimi dost, qardaş dövlətlər yanımızda olduqca, bizə qalib gələ bilməzlər
Quba, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
İki gündür can Azərbaycandayıq. Mən bura sovetlər dövründə də gəlmişəm. Sonra dəfələrlə Azərbaycanda olmuşam. Hər gəlişimdə Azərbaycanı daha inkişaf etmiş, müasirləşmiş, gözəlləşmiş görürəm. Qubadakı Soyqırımı Memorial Kompleksində ilk dəfədir oluram. Dərdinizi bölüşürəm. Oxşar hadisələri Türkiyə də yaşayıb. Amma bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə olaraq birlikdə yeni üfüqlərə doğru irəliləyirik. Yaşasın Azərbaycan Türkiyə dostluğu!
Bu fikirləri Türkiyədə nəşr olunan “Sabah” qəzetinin tanınmış jurnalisti Yavuz Donat Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Bakı Beynəlxalq Media Konfransının iştirakçısı olan Yavuz Donat bildirib ki, ölkələrimizin inkişafını gözü götürməyənlər var. “Hər zaman bir yerdə olmalıyıq. İnkişaf edən, yüksələn dövlətlər həmişə dünyada diqqət çəkir və təzyiqlərlə üzləşir. Dostlarımız da var, düşmənlərimiz də. Amma Azərbaycan kimi dost, qardaş dövlətlər yanımızda olduqca bizə qalib gələ bilməzlər”, -deyə Yavuz Donat qeyd edib.