CƏMİYYƏT
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan arid iqlim zonasında yerləşdiyi üçün yanğınlardan xali deyil. Yay mövsümündə Oğuz, İsmayıllı, Lənkəranda meşə yanğınları qeydə alınıb. Həmin ərazilərdə payız mövsümündə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub. Yanğın baş vermiş ərazilərə əsasən palıd və yerli şəraitə uyğun ağacların toxumlarının səpilməsi planlaşdırılıb. Meşəbərpa tədbirlərinə noyabrın 25-dən etibarən başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev noyabrın 22-də keçirilən brifinqdə məlumat verib.
Nazir müavini aqrobağların salınması məsələsinə də toxunub: "2017-ci ildə Meşə Məcəlləsində dəyişiklik edilib. Belə ki, əvvəllər ağac olmayan ərazilər 10 il müddətinə sahibkarlara icarəyə verilirdi. Hazırda nazirliyin aqrobağlar salmağı nəzərdə tutmadığı həmin ərazilər daha uzunmüddətli icarəyə verilir. Sahibkarlar meşə olmayan, daş-kəsəkli ərazilərdə, çay yataqlarında yerli şəraitə uyğun ağaclar əkərək aqrobağlar salırlar. Bu, həm məhsul bolluğuna, həm də əlavə iş yerlərinin açılmasına səbəb olur. Sosial şəbəkələrdə bu barədə əks mövqe bildirənlərin əksəriyyəti vaxtilə öz xidməti vəzifəsini düzgün yerinə yetirməməsi səbəbindən işdən kənarlaşdırılmış insanlardır".