CƏMİYYƏT
Yazgül Abdıyeva: Ön cəbhədə uğurlu nəticələr əldə etmək üçün arxa cəbhənin öz sağlamlığını qoruması vacibdir
Bakı, 12 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən etibarən Azərbaycan tarixinin növbəti şanlı günləri başlayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında igid Vətən övladlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, göstərdiyi əzm, düşmənə endirdiyi ağır zərbələr hər birimizin qəlbini böyük fərəh hissi ilə doldurur. Hər birimiz bu mübarizədən qalib ayrılacağımıza əminik, çünki biz öz torpaqlarımız uğrunda, öz haqqımız naminə döyüşürük.
Bunu AZƏRTAC-a Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.
“Hazırda biz çox çətin və məsuliyyətli bir dövrdən keçirik. Çünki mübarizəmiz tək bir cəbhədə getmir. Bütün dünyada, o cümlədən ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasının bitmədiyini unutmamalıyıq. Digər ölkələrlə müqayisədə Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altında olsa da, son zamanlar yoluxma saylarındakı artım bizi daha dərindən düşünməyə və ikiqat məsuliyyətli olmağa vadar edir. Bilməliyik ki, ön xətdə savaşan qəhrəman Vətən övladlarına dəstək olmaq üçün arxa cəbhənin öz sağlamlığının qeydinə qalması olduqca vacibdir. Çünki biz qaydalara əməl etməməklə hərbçilərimizin də sağlamlığına təhlükə yarada bilərik. Bir yandan da yaralıları düşünmək, xəstəxanaların yüklənməməsinə, tibbi kadr çatışmazlığının yaranmamasına çaışmalıyıq. Bunun üçün üç qızıl qaydaya riayət etmək – maska taxmaq, əl gigiyenasına diqqət yetirmək və sosial məsafə saxlamaq olduqca vacibdir.
Adətən payız-qış mövsümündə soyuqlama hallarının artımı müşahidə olunur. Bu zaman immunitet düşür ki, bu da qrip və digər respirator xəstəliklərə yoluxma riskini artırır. Bir şəxsin həm qrip, həm də koronavirusa yoluxması fəsadlaşmalara yol aça bilər. Odur ki, xüsusi karantin rejiminin tələblərinə, mütəxəssislərin tövsiyələrinə əməl etməklə nəinki koronavirusa, o cümlədən qrip və digər respirator xəstəliklərə yoluxmaqdan qaçmaq olar. Ordumuza daha yaxşı dəstək göstərmək, əsgərlərimizin sağlamlığına təhlükə törətməmək üçün hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıram”, - deyə Y.Abdıyeva bildirib.