SİYASƏT
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası olub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin videokonfrans formatında geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin xilaskarı” mövzusuna həsr olunan iclasda Ümummilli Liderin tarixi xilaskarlıq missiyasından söhbət açılıb. Onlayn tədbirin gündəliyinə uyğun olaraq iclasda, həmçinin pandemiya dövründə YAP Səbail rayon təşkilatının fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan tarixində mühüm siyasi hadisə, dövlətçiliyin xilas edildiyi gün kimi qiymətləndirib. Şəmsəddin Hacıyev 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv amillərdən və həmin dövrdə baş verən mürəkkəb proseslərdən xronoloji ardıcıllıqla bəhs edib. Təşkilatın sədri yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışının Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Azərbaycanın əsl müstəqil inkişaf tarixin məhz 1993-cü il 15 iyun tarixindən başladığını vurğulayan deputat qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yüksəlişin daha yeni və müasir mərhələsinə qədəm qoyub.
Azərbaycanın dinamik inkişafının və milli təhlükəsizliyinin təmin olunması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasının və rifah halının yaxşılaşdırılmasının da Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan professor Şəmsəddin Hacıyev ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan uğurlu mübarizənin bunun bariz göstəricisi olduğunu vurğulayıb. O, bu çətin günlərdə dövlətimizin başçısının Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması məsələsinə böyük önəm verməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident yüksək diqqəti və şəxsi nümunəsi ilə cəmiyyətimizə bu amansız xəstəliyə qarşı uğurlu mübarizədə birlikdə qalib gəlməyin mümkünlüyünü açıq şəkildə nümayiş etdirir.
Onlayn iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Elçin Əhmədov, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan dövlətçiliyinin qorunmasında əhəmiyyətindən danışıblar.
Gənclər adından çıxış edən YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Riyad Rüstəmli xalqımızın tarixinə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Gününün tarixi önəminin hər bir gənc tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.