SİYASƏT
Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
AZƏRTAC xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri - Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları iştirak ediblər.
Müşavirədə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə olunub.
Əli Əhmədov deyib ki, bu cür müzakirələr bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyətə malikdir.
O deyib: “Digər toplantılarda olduğu kimi, ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik. Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran işlərlə bağlı vəzifələr müəyyənləşdirilir və buna müvafiq olaraq da fəaliyyət göstərilir”.
İyirmi il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunan Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixi həyata keçirilən möhtəşəm layihələrlə zəngindir. Strategiya və baxışlar Azərbaycanın bütün dünyada, eləcə də Avropada əhəmiyyətini xeyli artırıb. Bu gün Azərbaycan əhali və ərazi parametrlərinə görə kiçik ölkə olsa da, əhəmiyyəti, regional siyasətdə rolu, eləcə də Avropa məkanında siyasi proseslərə təsiri baxımından əsas söz sahiblərindən biridir. Bütün bunlara görə, Azərbaycanda tez-tez mühüm beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz bu mənada da Avropa məkanında cəlbedici dövlətə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin mahiyyəti də məhz bundan ibarətdir. Son 10 ildə Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Sevindirici haldır ki, bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla həyata keçirir.
Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələlərindən danışıb. YAP sədrinin müavini seçkilərə hazırlıqla əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verib.
Toplantı müzakirələrlə davam edib.