REGİONLAR
Yeni nəşrlər elmin inkişafına töhfə verir
Naxçıvan, 1 iyun, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabının və həmin institutun iqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyasının təqdimatı olub.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında ümumi məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Kimya elmləri doktoru Bayram Rzayevin “Müasir dövrdə nanotexnologiyda geniş istifadə olunan nanomateriallar haqqında qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib. Bayram Rzayev kitabda nanohissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, müxtəlif ölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri barədə məlumatların yer aldığını bildirib. Qeyd edib ki, nəşrdə nanomaterialların fiziki və kimyəvi xassələri araşdırılaraq onların sintez şəraitləri nəzəri təhlil edilib və bu şəraitə uyğun gələn müvafiq metodlar sistemləşdirilib.
“Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsinə həsr edilmiş əsər” mövzusunda məruzə ilə çıxış edən bölmənin iqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov bildirib ki, rus dilində üç fəsildən ibarət olan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, əmək potensialından səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri işıqlandırılıb.
Daha sonra məruzə ətrafında institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva və iqtisadiyyat şöbəsinin kiçik elmi işçisi Eltun İbrahimov çıxış ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.