ELM VƏ TƏHSİL


Yer Elmləri Bölməsinin iclasında “AMEA-nın professoru” müsabiqəsinə namizədlər müəyyənləşdirilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da AMEA-nın Təbiət Tarixi Muzeyində Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, müasir Azərbaycanın qurucusu Ulu Öndərin hakimiyyəti dövründə respublikada sabitlik təmin olunub, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə bir çox uğurlar əldə edilib, ölkəmizin inkişafında xüsusi rol oynayan “Əsrin müqaviləsi” imzalanıb.

Akademik ümummilli lider Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra ilk görüşünü ziyalılarla keçirdiyini xatırladıb, Ulu Öndərin AMEA-nı Azərbaycan xalqının milli sərvəti adlandırdığını və onu qoruyub saxlamağın zəruriliyini bildirib.

Fəxrəddin Qədirov görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə elmə, təhsilə daim diqqət göstərildiyini söyləyib.

Daha sonra iclasda bir sıra təşkilati məsələlərə baxılıb. Belə ki, görkəmli geofizik, fizika-riyaziyyat elmləri doktoru Tofiq İsmayılzadənin 90, görkəmli seysmoloq, AMEA-nın müxbir üzvü Arif Həsənovun isə 80 illik yubileylərinin keçirilməsi haqqında qərar qəbul olunub. Bundan əlavə, “AMEA-nın professoru” elmi adını almaq üçün keçirilən müsabiqəyə təqdim olunacaq namizədlər müəyyənləşdirilib. Eyni zamanda Respublika Seysmoloji Xidmət Mərkəzinin strukturunda qismən dəyişiklik edilib.

Sonra Təbiət Tarixi Muzeyində qorunub saxlanan zooloji, paleontoloji və geoloji eksponatlara baxış olub. Direktor, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov iştirakçılara muzeyin elmi və maarifçilik fəaliyyəti, nailiyyətləri, eksponatların tapılması və bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.