REGİONLAR
Yevlaxda yeddi ayda 790 nəfər işlə təmin edilib
Yevlax, 17 avqust, AZƏRTAC
Yevlax rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin 7 ayı ərzində mərkəzə müraciət edən 1560 nəfər iş axtarandan 790-ı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 8 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar sahəsi, dəmir yol, meşə mühafizəsi və bərpası müəssisəsi, kommunal xidmət sahələrində işlə təmin olunublar.
Bu dövrdə 14 nəfər peşə hazırlığı kurslarına göndərilib, 6 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 78 nəfərə işsiz statusu verilərək müavinət ödənilib.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ilin sonunadək növbəti “Əmək yarmarkası” keçiriləcək. Hazırda rayonun idarə və müəssisələrində 71 vakant iş yeri var.