REGİONLAR
Yohan Şitterer: Fransalı və naxçıvanlı arxeoloqlar qədim diyarda birgə arxeoloji qazıntılar zamanı uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 25 sentyabr, AZƏRTAC
Naxçıvanda keçirilən “Avropa günləri”nin iştirakçısı olmaqdan çox məmnunam. Burada Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə Fransanın və digər ölkələrin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını, təhsilini əks etdirən sərgilər nümayiş olunur.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şitterer deyib.
O qeyd edib ki, bu gün Naxçıvanla Fransa arasında mədəni sahədə əlaqələr mövcuddur. 10 ildən artıqdır ki, fransalı və naxçıvanlı arxeoloqlar qədim diyarda birgə arxeoloji qazıntılar aparırlar və uğurlu nəticələr əldə ediblər. Bu il oktyabr ayının 25-də Bakı şəhərində Naxçıvanda qazıntılar zamanı aşkar olunan arxeoloji tapıntıların sərgisi təşkil olunacaq.
Yohan Şitterer deyib: “Naxçıvanın çox gözəl təbiəti, təmiz havası və mehriban insanları var. Gələcəkdə Fransa ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə bu gözəl diyara səfərimiz daha da intensivləşəcək”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.