REGİONLAR
Yorğunluğumuzu qeyri-iş günlərində dəniz qırağında çıxarırıq
Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC
Biz ailəmizlə dəniz sahilinə tez-tez gəlirik. Ev qayğıları, iş gərginliyi, yorğunluğumuzu qeyri-iş günlərində burada çıxarırıq. Allahın bəxş etdiyi bu nemətdən doyunca yararlanırıq. Bu gün isə burada keçirilən ekoloji aksiyanın şahidi olduq.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətdə Sumqayıt şəhər sakini Qərib Arifli deyib. Həyat yoldaşı və qızı ilə dincələn Q.Arifli insanların təbiətə qarşı biganə münasibətindən narahatlığını bildirib. “Biz burada əsasən ailəvi dincələnlərə, xəstəliyi ilə əlaqədar təmiz hava almağa gələnlərə rast gəlirik. Buraya üz tutan çox olur. Amma təəssüf ki, özündən sonra dincəldiyi yeri bulayan, tullantıları elə burada qoyub gedənlər də olur”, - deyib.
O, həmçinin bildirib ki, ətrafda zibil qabları yoxdur: “Bizim avtomobilimiz var, tullantıları özümüzlə aparırıq. Amma hamı buraya şəxsi avtomobili ilə gəlmir. Təmizliyin qorunması üçün çimərlikdə, insanların dincəldiyi yerlərdə lazımi şərait də yaradılmalıdır”.