REGİONLAR
Yurdumuzun növrağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Uğrunda canlar fəda olan Azərbaycanımızın dilbər guşəsi Qarabağ uğrunda başlanan döyüşlər bu torpağı daha da müqəddəsləşdirib, bu xalqı yenilməz edib.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsini böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova bildirib ki, xalqımız göz bəbəyi qədər əziz olan Vətən torpağının mənfur tapdağında olan hər qarışını canı, qanı bahasına olsa belə, azad etməyə hazırdır. Hər kəs mübariz ruha köklənib. Prezidentimizin, Ali Baş Komandanımızın əmrini hər zaman həsrətlə gözləyən Vətən oğulları indi mənfur düşməndən qan borcumuzu almaqdadır. Bu döyüşkən ruh qəhrəman Vətən övladlarına dayanmadan hökm edir. Hökm edir ki, düşmən tapdağında olan müqəddəs torpaqlarımızı usanmadan azad etsinlər. Vətən üçün axan qanı kəsilməmiş yenidən ön cəbhəyə dönmək istəyi yaralı əsgərin qeyrət dolu qəlbinə hökm edir. Bu hökm aldığı döyüş yarasının ağrısına elə güc gəlir ki, döyüş meydanına dönmək üçün onu müalicə edən həkim və tibb işçilərinə hətta yalvarır: “Mən geri - cəbhəyə getməliyəm! Torpaqlarımız azad olunmalıdır!” Bu sözlər onun qeyrət dolu qəlbinin, vətənpərvər ruhunun səsidir: bu səs türk-oğuz cəngavərinin səsidir, bu səs qoç Koroğlu, Babək, Nəbi hayqırtısıdır.
Bu gün Azərbaycanda bütün sahələrdə əldə edilən nailiyyətlərin təməlinin 1993-cü ildə siyasi hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Aytən Cəfərova qeyd edib ki, dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən ölkəmizin siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə inkişaf etməsi üçün ölçüyəgəlməz işlər həyata keçirdi. Apardığı bütün islahatlar yalnız və yalnız Azərbaycan xalqı və dövlətinin bütövlüyü, suverenliyi naminə həyata keçirildi. Ali Baş Komandanımız hərbi sistemin gücləndirilməsinə və inkişafına göstərdiyi böyük diqqət nəticəsində bu gün regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurur.
Aytən Cəfərova qeyd edib ki, bu gün hər bir azərbaycanlı Azərbaycan Prezidentinin çıxışlarını, çağırışlarını, işğalçı dövlətə qarşı səsləndirdiyi haqlı və kəskin ittihamlarını eşidib-duyduqca cuşa gəlir, sönməz coşğuyla mübariz ruha köklənir. Artıq xalqımız üçün hər zaman aktual olacaq şüara çevrilmiş, Ali Baş Komandanımızın söylədiyi “Qarabağ Azərbaycandır!” cümləsi adi cümlə deyil! Azərbaycan Ordusu bunu əks-hücumu ilə real həyatda bir daha təsdiq edir. Ordumuzun əldə etdiyi uğurlar hər kəsdə əminlik yaradır ki, çox yaxın günlərdə üçrəngli bayrağımız bütün Qarabağ torpaqları üzərində qürurla dalğalanacaq! Azərbaycanın əbədi və əzəli torpağı Qarabağa olan 30 illik həsrətimizə son qoyulacaqdır! Azərbaycan xalqının ulu babaları olan oğuzların yurdu Qarabağımızda tezliklə Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Qasım bəy Zakir kimi dahilərin ruhu şad olacaqdır! Biz bu möhtəşəm günün çox yaxında olduğuna inanırıq! Çünki Qarabağ Azərbaycana məxsusdur! Türkoloq-alim olan atam Cəfər Cəfərovun uşaqlıqdan yaddaşımda kök salmış bu şeirində dediyi kimi:
Qarabağdan bu dünyada tapılmaz!
Pay verilməz, torpaq yada satılmaz!
Nə kəsilməz, nə bölünməz, atılmaz!
Bu yerlərin öz bağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Qarabağım göz içində gilədir,
Babəklərdən bizə qalan bəlgədir.
Şah Qacarı diz çökdürən ölkədir,
Qoçaqların qoçağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Xarı bülbül çöllərində qol açar,
Ürək açar, könül açar, dil açar.
Danışdırsan hər çiçəyi dil açar,
Bənövşənin yarpağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Bu torpağın qadası da bizimdir,
Obası da, odası da bizimdir!
Xeyiri, şəri, davası da bizimdir!
Yurdumuzun növrağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Qarabağı yad əllərdən aldırın!
İt əlindən, qurd əlindən saldırın!
Qarabağı baş üstünə qaldırın!
Elimizin çırağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Qərənfillər yol gözləyir bayaqdan,
Xan qızının səsi gəlir bulaqdan.
Molla Pənah məktub yazdı Qazaxdan:
İgidlərin oylağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!
Ulu Tanrı Qarabağa yar olsun!
Bu torpağa göz dikənlər kor olsun!
Ona arxa-dayaq duran var olsun!
Dayaqların dayağıdır Qarabağ!
Azərbaycan torpağıdır Qarabağ!