REGİONLAR
ZAQATALADA HEYVANDARLIQLA BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Zaqatalada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinə həsr olunmuş seminar-müşavirə keçirilmişdir. Rayon icra hakimiyyətində təşkil olunan bu tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin damazlıq işi sahəsi üzrə mütəxəssisləri, heyvandarlıqla məşğul olan sahibkarlar, kənd ərazi icra nümayəndələri və bələdiyyələrin, rayonun müvafiq strukturlarının rəhbərləri və mütəxəssislər iştirak etmişlər.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarda “Heyvandarlığın damazlıq təməli üzərində inkişafının həlli yolları” mövzusunda məruzə dinlənilmişdir. Müzakirələrdə heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti və onun baytarlıq tələblərinə uyğun aparılması, ekoloji təmiz heyvandarlıq məhsullarının istehsalında sahibkarların məsuliyyətinin artırılması, fermer təsərrüfatlarının yaradılması, heyvandarlıqda sığorta xidmətlərinin təşkili və digər məsələlər ətrafında geniş söhbət getmiş, maldarlığın inkişafı və məhsuldarlığın daha da artırılmasında damazlıq işinin düzgün təşkilinin əhəmiyyəti xüsusi vurğulanmışdır.