CƏMİYYƏT
Zabrat stansiyasının ərazisindən mis tərkibli naqillərin oğurlanmasının qarşısı polislər tərəfindən alınıb
Bakı, 6 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdə çəkilmiş mis naqillərin oğurlanmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin ərazidə olan əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzovu və Famil Qədirovu saxlayıblar. Onların üzərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlər də maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.