CƏMİYYƏT
Zahid Oruc: Bu gün Azərbaycan mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur
Bakı, 4 iyul, AZƏRTAC
Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər açır. “Erməni düşməni” və “işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikriləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimində söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox uzağa gedən strateji dövlət kursudur. Ona görə də ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi institusional bir əsəri Azərbaycan ictimaiyyətinə təqdim edir. Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da, yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırkı Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin yaddaş toplusu şəklində yenidən bərpa edir.