İDMAN
Zahir Mirişov: Enşin karateçilərimiz Avropa və dünya çempionatında ölkəmizi uğurla təmsil edirlər
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Enşin Karate Federasiyası (AEKF) 2013-cü ildə rəsmi qeydiyyatdan keçib. Həmin ildən əvvəl də karatenin bu növü ilə ölkəmizdə məşğul olurdular. Azərbaycanda enşin karate üzrə beynəlxalq turnirlər mütəmadi keçirilir. Karateçilərimiz Avropa və dünya çempionatında ölkəmizi layiqincə təmsil edirlər.
Bu sözləri AEKF-in prezidenti Zahir Mirişov AZƏRTAC-a müsahibəsində deyib.
Federasiya prezidenti bildirib ki, əsas məqsəd idmanın bu növünü ölkəmizdə populyarlaşdırmaqdır. Bölgələrdə də məşqlərimiz təşkil olunur. İdmançılarımız təkcə enşin karate deyil, Şərq təkbətək döyüş növləri üzrə də turnirlərə qatılırlar. Bir müddət əvvəl karateçimiz Emin Əsgərzadə Moskvada təşkil olunan uşu-sanda üzrə Avropa çempionatında uğurla çıxış edərək bürünc medal qazanıb. Turnirdə 32 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparıblar. Sevindirici haldır ki, idmançılarımız mütəmadi olaraq irimiqyaslı yarışlarda iştirak edir və üçrəngli bayrağımızı dalğalandırırlar.
“İyunun 30-dan iyulun 1-dək Şağan Olimpiya İdman Kompleksində enşin karate üzrə beynəlxalq turnir keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Təkbətək Döyüş Növləri Federasiyası və Azərbaycan Enşin Karate Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Müxtəlif yaş kateqoriyaları üzrə təşkil olunacaq yarışa 8 ölkədən karateçilər qatılacaqlar. Artıq üç ölkə - İran, Gürcüstan və Belarus turnirdə iştirakını təsdiqləyib”, - deyə Zahir Mirişov əlavə edib.
Cari ildə idmançılarımızı ciddi sınaqların gözlədiyini bildirən federasiya prezidenti qeyd edib ki, karateçilərimiz İranda beynəlxalq turnirə qatılacaqlar. Bu turnirdə, həmçinin Beynəlxalq Enşin Karate Federasiyasının prezidenti seminar təşkil edəcək. Hesab edirəm ki, karateçilərimizin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində seminarın mühüm rolu olacaq. Daha sonra milli komandamız Almaniyada keçiriləcək turnirdə iştirak edəcək.
Federasiyada 400-dək karateçini qeydiyyatdan keçdiyini bildirən Zahir Mirişov deyib: “Regionlarda mütəmadi olaraq seminarlar təşkil olunur, imtahanlar keçirilir. Əsas məqsədimiz enşin karatenin bölgələrdə inkişaf etdirilməsidir. Göyçay, Biləsuvar, Lənkəran, İmişli, Göygöl və Gəncədə artıq neçə müddətdir tam məşq prosesləri gedir. Ancaq biz bununla kifayətlənmək fikrində deyilik. Respublikamızın digər bölgələrində də məşq proseslərinin təşkili üçün danışıqlarımız gedir”.