REGİONLAR
Zaqatalada Vətən müharibəsi şəhidi Elvin Məmmədovun xatirəsi anılıb
Zaqatala, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Elvin Məmmədovun doğum günündə xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Elvin Məmmədovun keçdiyi şərəfli döyüş yolundan söz açılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid Elvin Məmmədov 1992-ci ilin oktyabrında Zaqatala şəhərində anadan olub. Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan Elvin 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxararkən özü də qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.