CƏMİYYƏT
Zaur Abdullayev: Müxtəlif cinayətlər törətmiş 804 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb
Bakı, 21 yanvar, AZƏRTAC
İl ərzində Bakı Şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq, post və marşrutlarda 28 min 292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27 min 488 şəxs saxlanılıb. Həmin şəxslərin barələrində qanunauyğun tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 21-də Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində alayın komandiri, polis general-mayoru Zaur Abdullayev deyib.
Z.Abdullayev bildirib ki, məişət səs-küyünə yol verən 1240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4506, digər inzibati xətalara görə 15 min 217 nəfər müəyyənləşdirilərək aidiyyəti polis orqanlarına təhvil verilib. 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3,2 faiz çox olub.