REGİONLAR
Zəfər Günü münasibətilə Yevlax Şəhidlər xiyabanı ziyarət edilib
Yevlax, 8 noyabr, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri Yevlax Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin məzarları üzərinə və xatirələrinə inşa edilmiş abidənin önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Sonra şəhid ailələri ilə görüş keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində döyüşən hər bir şəhidimizin, qazimizin amalı torpaqlarımızı işğaldan azad etmək, zəfər qazanmaq olub. 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qələbə qazanması, işğal altında olan yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb. Bu gün Azərbaycan dövləti Qarabağın yenidən dirçəlməsi üçün dünyada analoqu olmayan layihələr həyata keçirir. Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri hər bir azərbaycanlını sevindirir, şəhidlərimizin ruhunu şad edir.
Görüş zamanı şəhid ailələrinin üzvlərini narahat edən məsələlər dinlənilib və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.