CƏMİYYƏT
“Zəfərin uşaqları” hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Bakı, 1 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 2-də XI ANAİB Kitab Sərgisində “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi baş tutacaq.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir.
Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmaqla yanaşı, dahi şəxsiyyətin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və mükafatla təltif ediləcək.
Müsabiqədə1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 1000 manat, 500 manat, 300 manat və diplomlarla mükafatlandırılacaqlar.
Bundan əlavə, hekayələr “Auidokitab” tərəfindən səsləndirilib platformanın tətbiqinə yerləşdiriləcək.
Kitab şəklində nəşr ediləcək ən çox bal almış sıralaması şərti xarakter daşıyan ilk 10 hekayənin qalibləri aşağıdakılardır:
- Aqil Kərimli;
- Elay İsmayılov;
- Xatirə Kərimova;
- Mirvari Ağakişiyeva;
- Mülayim Hümmətova;
- Nahid Hacıyev;
- Nuranə Abbasova;
- Sevinc Elsevər;
- Sülhiyyə Şirinova;
- Vidadi Vaqifoğlu.