SİYASƏT


Zəngin dövlətçilik tariximizin dönüş nöqtəsi

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider amilidir.

İnkaredilməz həqiqətdir ki, Azərbaycanın tənəzzüldən qurtulması, müasir müstəqil dövlət kimi inkişafa, sabitliyə və tərəqqiyə nail olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, dövlətçilik tariximizdə Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu vardır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

S.Novruzov bildirib ki, 1993-cü ilin oktyabrın 3-də ümummilli lider Heydər Əliyevin xalqın böyük etimadı əsasında prezident seçilməsi isə Azərbaycan üçün dönüş nöqtəsi olmuşdur. Heydər Əliyev yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi xalqın dəstəyinə arxalanaraq Vətənini fəlakətdən qurtarmış, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.

Təsadüfi deyil ki, müstəqillik dövründə Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və tərəqqi dönəmi kimi yadda qalmışdır. Azərbaycan xalqı Ulu Öndərin tarixi və misilsiz xidmətlərini yüksək qiymətləndirir və Onun əbədiyaşar ideyalarını dərindən mənimsəyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi isə həm dövlətçilik və müstəqillik tariximizin, həm də Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

“Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Çünki bu irs Azərbaycan xalqını, ölkəmizi xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır. Sevindirici haldır ki, ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu ölkə, sabitlik və firavanlıq adasıdır. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır”, - deyə komitə sədri diqqətə çatdırıb.

S.Novruzov vurğulayıb ki, Heydər Əliyevin ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır. Xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması isə müstəqil Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir. “Nəhayət, Ümummilli Liderimizin əsasını qoyduğu uğurlu strateji kursun, o cümlədən xarici siyasətin, ordu quruculuğunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.

Bir sözlə, müstəqil, qüdrətli və qalib Azərbaycan Heydər Əliyev yolu ilə parlaq nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, milli hədəfləri reallaşdıraraq gələcəyə doğru inamla addımlayır”, - deyə Siyavuş Novruzov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.