REGİONLAR
Zərdabda pambıq yığımına start verilib
Zərdab, 10 sentyabr, AZƏRTAC
Zərdab rayonunda pambıq yığımına başlanılıb və hələlik yığım əl ilə aparılır. Qısa vaxtda “MK-İK” MMC üzrə 30 tona yaxın məhsul tədarük edilib.
Rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 2520 hektarda pambıq yetişdirilib. Sahələrdə becərmə işləri yüksək səviyyədə aparıldığından yaxşı məhsuldarlıq gözlənilir. Tarlalarda pambığın 70 faizinin yığımı “P Aqro” və “MKT-İK” MMC-lər tərəfindən maşınlarla həyata keçiriləcək. Bunun üçün 9 ədəd pambıqyığan maşın saz vəziyyətə gətirilib. Qalan sahələr isə əl ilə toplanacaq. Bu məqsədlə yığıma 2000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Məhsulun tez və itkisiz yığılması üçün ilk günlərdən bütün qüvvələr səfərbər edilib.