REGİONLAR
Zərdabda pambıq yığımında müasir kombaynlardan geniş istifadə olunur
Zərdab, 1 noyabr, AZƏRTAC
Zərdab rayonunda strateji məhsul olan pambıq yığımı davam edir və hələlik emal müəssisələrinə 3925 ton “ağ qızıl” təhvil verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 3232 hektarda pambıq yetişdirilib. Bu il məhsul toplanışında texnikanın qüvvəsindən daha çox istifadə olunur. Bu günədək yığılan “ağ qızıl”ın 1969 tonu məhz pambıqyığan maşınların qüvvəsi ilə toplanıb. Əksər yerlərdə, xüsusilə Bəyimli qəsəbə, İsaqbağı, Şahhüseynli, Qoşaoba və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər texnikanın qüvvəsindən daha səmərəli istifadə edirlər.
Qeyd edək ki, pambıq sahələrində işləyən texnikalar arasında “Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi “John Deer” şirkətinin müasir kombaynları da var. Keyfiyyəti və səmərəliliyi ilə seçilən “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. “John Deer” şirkətinin pambıqyığan kombaynlarının idarəetməsi asan, manevretmə qabiliyyəti isə yüksəkdir.