REGİONLAR
Zərdabın Şıxbağı və Nəzəralılı kəndlərinə təbii qaz verilib
Zərdab, 10 oktyabr, AZƏRTAC
Respublikamızın bölgələrində, o cümlədən Zərdabda bütün yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Oktyabrın 10-da rayonun daha iki kəndinə - 433 nəfər əhalisi olan Şıxbağı və 264 nəfər sakinin yaşadığı Nəzəralılı yaşayış məntəqələrinə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 80 abonenti olan Şıxbağı və 51 abonenti olan Nəzəralılı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 min 323 metr müxtəlif diametrli daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə Nəzəralılı kəndində açılış mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev mərasimdə çıxış edərək ölkə başçısının diqqət və qayğısı, rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, bölgələrdə, o cümlədən Zərdabda reallaşdırılan sosial layihələrdən danışıblar. Qeyd olunub ki, Zərdab rayonunda bir şəhər, bir qəsəbə və 40 kənd olmaqla 42 yaşayış məntəqəsi vardır ki, artıq onlardan 35-i qazlaşdırılıb.
Mərasimdə çıxış edən kənd ağsaqqalı Yaşasın Məmmədov, ziyalı Dərya Əhmədova ən ucqar yaşayış məntəqələrinin belə sosial-iqtisadi inkişafına, insanların güzəranının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.