CƏMİYYƏT
“Zərdablar və onların tətbiqi” adlı vebinar keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Tibb müəssisələrindən daxil olan müraciətləri nəzərə alaraq quduzluq, tetanus, qazlı qanqrena, ilan, əqrəb və digər zəhərli həşəratlarla dişləmə zamanı zərdabların tətbiqinə dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs və “Azəri Toksikoloqlar Dərnəyi” ilə birlikdə "Zərdablar və onların tətbiqi" adlı vebinar keçirilib.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinarın keçirilməsində məqsəd yay mövsümü ilə əlaqədar heyvan dişləməsi, ilan və əqrəb sancması hallarının artmasıdır.
Vebinarda TƏBİB-in tabeliyində olan Bakı və regional müəssisələrdən 150-dən çox tibb işçisi iştirak edib.
Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri tibb elmləri doktoru Emil İskəndərov mövzunun aktuallığı barədə danışıb.
“Azəri Toksikoloqları Dərnəyi”nin rəhbəri İsmayıl Əfəndiyev və TƏBİB-in Dərman və tibb vasitələri departamentinin mütəxəssisi Firuzə Allahquliyeva zərdabların növləri və xüsusiyyətləri, zərdabların istifadəsindən sonra anafilaktik və digər xoşagəlməz reaksiyaların idarəedilməsi, vaksinlərin saxlanılması, daşınması, vurulma qaydası haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.