CƏMİYYƏT
Zərifə Əliyevanın yazdığı fundamental əsərlər bu gün də aktuallığını itirmir
Bakı, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Yasamal Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirində səsləndirilib.
Qeyd edilib ki, Zərifə Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Tədbirin bədii hissəsində akademik Zərifə Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra şagirdlərin ifasında Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş şerlər səsləndirilib, “Ana” mahnısı ifa olunub.