İQTİSADİYYAT
® “Azercell”in “Mobil Göz Klinikası” Ağdama gedir!
Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər
Bakı, 13 sentyabr, AZƏRTAC
İnsanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC 7 ildir “Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib. 2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda, rayonlarımıza səfər edən, minlərlə ehtiyacı olan insana yardım edən klinikanın həkimləri sentyabrın 14-də Ağdamın Ergi kəndində xəstələri qəbul edəcəklər. Göz xəstəliklərindən əziyyət çəkən insanlar “Azercell”in bu unikal layihəsindən yararlana bilərlər. Klinikaya müraciət etməklə insanlar peşəkar oftalmoloqların, mütəxəssislərin müayinəsindən keçib, gözlərin qorunması üçün zəruri məsləhətlər almaq imkanı əldə edəcəklər. Ehtiyac olan təqdirdə xəstələrə eynək reseptləri də yazılacaq. Respublika miqyaslı bu təşəbbüs Ağdamda da valideyn himayəsindən məhrum olan uşaqları, həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində təkcə ötən ildən etibarən “Mobil Göz Klinikası”nda ümumilikdə 2300-ə yaxın şəxs müayinədən keçib.
Qeyd edək ki, fəaliyyət göstərdiyi 22 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən “Azercell Telekom” ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan resurslarının inkişafına 1996-2017-ci illər ərzində 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisini 80 faiz (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalini isə 99,8 faiz əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspress ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Global Wireless Solutions” şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəriciləri nümayiş etdirib.