İQTİSADİYYAT
® Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” “Azercell”in audiokitab layihəsində
Lider mobil operatorun təşəbbüsü və dəstəyi ilə ən sevilən folklor incilərimizdən biri bloger Azər Qəribin ifasında artıq “Bookmate” tətbiqində
“Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib. Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib. Epos səsli formatda işlənib-hazırlanıb “Azercell”in “Bookmate” mobil tətbiqinin “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənəcək. Belə ki, “Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloger Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.
Nəzərinizə çatdıraq ki, layihənin eksklüziv təqdimatı fevralın 21-də bloger Azər Qəribin rəsmi “Facebook” səhifəsində baş tutacaq. Layihəni, həmçinin “Azercell”in rəsmi “YouTube” kanalından da izləmək mümkün olacaq.
Qeyd edək ki, “Azercell” “Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. “Azercell” bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək “Azercell”in təşəbbüsü ilə onlarla əsər elektron və audiokitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audio Kitab” bölməsinə yüklənilib.
“Azercell”in təqdimatında “Koroğlu” audiokitab layihəsi və digər faydalı materiallardan zövq almaq üçün https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə “Bookmate” tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar.
Layihəmizin davamını izləyin.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.