İQTİSADİYYAT
® “Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib
Mayın 26-da “Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib. Məqsəd “Agro Dairy” MMC-nin toxumçuluq fəaliyyəti ilə tanış olmaq, dənli taxıl bitkilərinin, xüsusilə payızlıq buğda və payızlıq arpanın yüksək sortluq və səpin keyfiyyətlərinə malik toxumlarının yetişdirilməsi və istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, məhsul istehsalçılarının bu innovativ yeniliklərlə əyani tanışlığı, kənd təsərrüfatının intensiv inkişafı və bu sahələrdə fikir və təcrübə mübadiləsi aparılması, bilik və təcrübələrin bölüşülməsi olmuşdur.
“Açıq qapı günündə” toxumçuluqla və taxıl istehsalı ilə məşğul olan özəl və dövlət qurumlarının 70 nəfərdən çox nümayəndələri iştirak etmişdi. İştirakçılar arasında Dövlət Toxum Fondunun, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nümayəndələri, ADAU-nun müəllim heyəti və tələbələri, Samux/Tovuz DAIM əməkdaşları, özəl təsərrüfatların rəhbərləri, alimlər, aqronomlar, mütəxəssislər və digər maraq göstərənlər olmuşdur.
Bütün iştirakçıları qarşıladıqdan sonra onlara SƏTƏM mütəxəssisi tərəfindən təlim keçirilib və Tovuz sahəsinə xüsusi avtobuslarla yollanıblar. Tovuz ərazisində ilk olaraq “Agro Dairy” ərazilərində yetişdirilən payızlıq ərzaqlıq buğdanın Balaton, Maurizio, Gaudio, Qırmızıgül 1, Xəzri, Ləyaqətli 80, arpanın Finola və Arcanda sortları nümayiş olunub.
Daha sonra payızlıq buğdanın Agro Dairy ərazisində ilk dəfə yoxlanılan sınaq-nümayiş əkinlərində olan Zampano (Avstriya), Almiera, Tigre (Fransa), Baqrat (Rusiya), arpanın Piroska, Gremonia (Avstriya), Manava və Oberek (Fransa) sortlarına baxış keçirilib və onların təsərrüfat-bioloji xüsusiyyətləri barədə məlumat verilib. “Agro Dairy”in Ceyrançöl ərazisi üzrə baş aqronomu, baş aqronomun müavini sınaq-nümayiş əkinlərində olan sortlar barədə ətraflı və müfəssəl məlumat veriblər.
Ümumi olaraq 8 pilot sahələrinə baxış keçirilib və “Agro Dairy”in peşəkar aqronomları iştirakçılara müfəssəl məlumat təqdim edib, onların çoxsaylı suallarını cavablandırıblar. “Agro Dairy” tərəfindən üçüncü dəfə təşkil edilmiş “açıq qapı günündə” iştirakçıların çoxsaylı sualları cavablandırılıb, ayrı-ayrı sortların toxumuna tələbat və toxumçuluqda prioritet məsələlər barədə fikir mübadiləsi aparılıb, toxumluq məhsul istehsalı zamanı planlaşdırma işlərində iştirakçıların arzu və tövsiyələrinin nəzərə alınmasına xüsusi önəm verilməsi qeyd edilib.