İQTİSADİYYAT
"Azərenerji" əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxış keçirib
Bakı, 25 may, AZƏRTAC
“Azərenerji” ASC-də əməyin mühafizəsinin təşkilinə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə xüsusi diqqət və qayğı göstərilir.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, energetika müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin, bədbəxt hadisələrin qarşısının alınmasının, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza məşqlərinin, əməyin mühafizəsi üzrə illik nomenklatur tədbirlər planının yerinə yetirilməsinin, işçi heyətinin təlimatlandırılması və bilik-bacarıqlarının artırılması sahəsində aparılan işlərin nəticəsi ilə bağlı hər il müsabiqə-baxış təşkil olunur.
“Azərenerji” ASC rəhbərliyinin müvafiq əmrinə əsasən, ötən ilin aprel ayından başlayaraq, dekabrın sonunadək bütün energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib. Müsabiqə-baxışda Enerji İstehsalı İdarəsindən 8, Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən 5, enerji sisteminin digər strukturlarından isə 2 müəssisə iştirak edib. Səhmdar Cəmiyyətin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidməti il ərzində yerlərdə baxış keçirərək, həmin müəssisələrin baxış-müsabiqənin tələblərini qaydalara uyğun yerinə yetirmələrini yoxlayıb. Müsabiqənin yekunlarına dair məlumatlar qaliblərin müəyyən edilməsi üçün bu ilin martında müvafiq komissiyaya təqdim edilib.
Komissiya bu il mayın 22-də Səhmdar Cəmiyyətin müəssisələrində 2017-ci il ərzində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxışa yekun vurub. Komissiya müəssisələr tərəfindən təqdim olunan sənədləri, məlumat və arayışları təhlil edərək, müsabiqə-baxışın Əsasnaməsi çərçivəsində iştirakçılar tərəfindən görülən işləri qiymətləndirib.
Müsabiqə-baxışın yekunu haqqında çıxarılan yekdil qərara əsasən, enerji istehsal müəssisələrindən “Azərbaycan” İstilik Elektrik Stansiyası 1-ci, “Sumqayıt” Elektrik Stansiyası və “Şəki” Elektrik Stansiyası isə 2-ci yerə layiq görülüb. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən 1-ci yeri “Sumqayıt” Yüksəkgərginlikli Elektrik Şəbəkəsi 2-ci yeri “Şirvan” Regional Elektrik Şəbəkəsi və “Gəncə” Regional Elektrik Şəbəkəsi tutub. Sahə xidmət müəssisələrindən isə “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC 1-ci yerə layiq görülüb.