İQTİSADİYYAT
"Gəncəbank"ın kreditorlarının tələblərinin qeydə alınması başa çatdırılıb
Bakı, 6 yanvar, AZƏRTAC
"Gəncəbank" ASC-nin kreditorlarının tələblərinin qeydə alınması yanvarın 2-də başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.
Bu barədə AZƏRTAC-a Əmanətlərin Sığortalanması Fondundan bildiriblər.
Ləğvedici tərəfindən müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanması barədə ötən il noyabrın 2-də Fondun rəsmi internet səhifəsində elan yerləşdirilib.
Qeyd edək ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi "Azerbaijan International Consulting Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.
"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.