İQTİSADİYYAT
"İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə "Gənc investor" III simulyasiya yarışının qalibləri müəyyənləşib
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə dekabrın 7-də "İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə "Gənc investor" III simulyasiya yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən BFB-nin idarə heyətinin sədri Vüqar Namazov və GİN-in sektor müdiri Nərminə Aslanbəyova gənclərdə bu sahəyə marağın getdikcə artdığını vurğulayıblar. Tədbiri keçirməkdə əsas məqsədin fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, tələbələrin biznes sahəsində kommunikativ bacarıqlarını inkişaf etdirmək, investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək və digər qabaqcıl ideyaların tətbiqi olduğunu vurğulayan natiqlər qeyd ediblər ki, III simulyasiya yarışında komandaların sayının artması bu sahədə inkişafın göstəricisidir.
Sonra simulyasiya yarışına start verilib. Hər biri dörd nəfərdən ibarət 19 komandanın qatıldığı yarış master-klass təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması mərhələsindən ibarət olub. Yarış prosesində maliyyə bazarında baş verən hadisələr modelləşdirilib, komandalar qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırıblar.
Yekun nəticələrə görə, virtual gəlirin məbləğinə əsasən ən çox gəlir əldə etmiş Azərbaycan Dövlət İqtisad Universitetinin “Inside Wall Street", “Finans scope”, “Biq for” komandaları ilk üç yeri tutublar.
Qeyd edək ki, birja ticarəti üzrə simulyasiya yarışı "praktiki təhsil" konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara – müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.
Sonda iştirakçı komandalara sertifikat təqdim olunub, qaliblər isə həm də kubok və hədiyyələrlə təltif olunublar.