ELM VƏ TƏHSİL
"Rəqəmsal bacarıqlar” layihəsi Moskvada “Beynəlxalq Təhsil Salonunda” təqdim olunub
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Moskvada keçirilən “Beynəlxalq Təhsil Salonu 2019” da Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar” layihəsi ayrıca stenddə təqdim edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, stendə sərgidə iştirak edən bir sıra ölkələrin təhsil müəssisələrinin nümayəndələri böyük maraq göstəriblər. Proqram çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, "Algoritmika" şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov keçirilən panel müzakirələr və dəyirmi masalarda iştirak edəcəklər.
Qeyd edək ki, “Beynəlxalq Təhsil Salonu” MDB məkanında təhsil sahəsində ən böyük tədbirdir. “Beynəlxalq Təhsil Salonu” bu il "Yeni subyektiv təhsil. Keçid nöqtəsi" mövzusuna həsr olunub.
Təşkilatçıların məlumatına görə, “Beynəlxalq Təhsil Salonu 2019”da 650-ə yaxın tədbir keçiriləcək. Sərgidə ümumilikdə 1000-dən çox ekspert, 400 eksponent və təxminən 50 min ziyarətçinin bir araya gəlməsi gözlənilir. Aprelin 13-dək davam edəcək “Beynəlxalq Təhsil Salonu 2019”da 37 ölkə təmsil olunur.
“Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumtəhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.