İQTİSADİYYAT
"Risklərin idarəedilməsi: Bazel prinsipləri" mövzusunda təlim keçirilib
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Lüksemburq Təlim Mərkəzi (ATTF) ilə birgə əməkdaşlıq çərçivəsində ekspert Ruben Olielagersin təqdimatında "Risklərin idarəedilməsi: Bazel prinsipləri" mövzusunda təlim keçirib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim proqramı çərçivəsində maliyyə xidmətlərində risk və risklərin idarə edilməsi, banklara nəzarət üzrə Bazel Komitəsi, kredit, bazar, əməliyyat və likvidlik risklərinin tənzimlənməsi üzrə məlumatlar verilib və gələcəkdə yaranacaq yeni pozitiv trendlər müzakirə olunub.
Təcrübə mübadiləsi və müzakirələrlə zəngin olan təlimdə 6 bankın nümayəndəsi və palatanın əməkdaşları iştirak ediblər. Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.