İQTİSADİYYAT
"Schneider Electric" şirkəti Azərbaycanın bölgələrində elektrik işinin əsasları üzrə təlim kursları təşkil edib
Bakı, 22 sentyabr, AZƏRTAC
“Schneider Electric” şirkəti bölgələrdə gənclərin iştirakı ilə elektrik işinin əsasları üzrə təlim kursları təşkil edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 150-dən çox müdavimin iştirak etdiyi tədbirlər Şəmkir, Bərdə və Masallı rayonlarını əhatə edib. Kurslarda elektrik enerjisinin əsasları, təhlükəsizlik qaydaları, enerji səmərəliliyinə dair məlumatlar verilib və gündəlik həyatda sadə elektrik işlərinin yerinə yetirilmə üsulları öyrədilib.
"Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir deyib: “Biz Azərbaycanda sürətli inkişafı görməkdən məmnunluq duyur və enerji idarəetməsi sahəsində məhsul və texnologiyalarımızı təklif edirik. Öz bilik, bacarıq və təcrübəmizi növbəti nəsillərə ötürməyə görə məsuliyyət daşıyırıq".
Səyyar təlim fəaliyyətləri Azərbaycanda Demokratik Tələbələr və Gənclər Təşkilatı və yerli hakimiyyət orqanlarının dəstəyi ilə həyata keçirilib.
2007-ci ildən bəri qlobal enerji idarəetməsi sahəsində lider olan “Schneider Electric” 6 tədris laboratoriyası qurub. Şirkət Azərbaycanın texniki universitetlərinin, təxminən 600 tələbəsini enerji mütəxəssisləri kimi hazırlayıb.