MƏDƏNİYYƏT
"Azərbaycanın milli geyimləri və xalçaçılıq sənəti" haqqında videoçarx hazırlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova "Azərbaycanı tanıyaq!" layihəsi çərçivəsində "Azərbaycanın milli geyimləri və xalçaçılıq sənəti" haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda milli geyimlər və xalça sənəti barəsində geniş məlumat verilib.
Videoçarxda deyilir: “Azərbaycan milli geyimləri Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf yolu nəticəsində yaranıb. Xalqın tarixi ilə bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Azərbaycan qadınları bəzəkləri çox sevir, onlardan geniş şəkildə istifadə edirdilər. Qadınların istifadə etdikləri bəzək dəstinə imarət deyirdilər. Bura müxtəlif çeşidli baş bəzəkləri, üzüklər, sırğalar, kəmər, bazubənd və bilərziklər daxildir”.
Videoçarxda həmçinin xalqımızın milli sərvəti olan ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən birinin Azərbaycan xalçası olduğu vurğulanır: “Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatçılar göstərirlər ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir”.