İQTİSADİYYAT
"Azercell" “Kaspersky Lab” şirkəti ilə birgə uşaqlar üçün təhlükəsiz internet layihəsini təqdim edib
Bakı, 1 iyun, Elvira Məmmədova, AZƏRTAC
Azercell” internetdə uşaqların müdafiəsinə xüsusi önəm verən internet təhlükəsizlik sahəsində “Kaspersky Lab” şirkəti ilə əməkdaşlığa başlayıb.
AZƏRTAC xəbər verir ki, iyunun 1-də “Azercell” “Kaspersky Lab” şirkəti ilə birgə “Azercellə internet təhlükəsizdir!” layihəsinin təqdimatını keçirib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev uşaqların daim qayğı və diqqətə ehtiyacları olduğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi şirkət cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirir. O, “Azercell” üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini deyib. “Azercell”in təqdim etdiyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü internetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq.
Layihə çərçivəsində internet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. “Universal müdafiə” adlanan xidmət “Kaspersky Internet Security” vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsilə istifadəçilər özlərinin və uşaqlarının bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb-səhifələri müdafiə edir, saxta veb-səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompyuterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları internetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki təhlükəsiz proqram rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır.
İkinci məhsul olan “Android üçün müdafiə” xidməti əsasən, “Android” əməliyyat sistemi üçün istifadə olunur və “Kaspersky Internet Security - Android” üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasına imkan verir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır.
Digər məhsul isə “Valideyn nəzarəti” adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən “Kaspersky Safe Kids” müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların internetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların internetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, geoməkan funksiyası sayəsində uşaqların yerini müəyyən edir.