DÜNYA
"Gənc Papa"nın premyerası baş tutacaq
Bakı, 11 iyul, AZƏRTAC
Venesiya kinofestivalı çərçivəsində mövsümün ən çox gözlənilən seriallarından olan "Gənc Papa"nın premyerası baş tutacaq.
AZƏRTAC tass.ru saytına istinadla xəbər verir ki, serialın rejissoru 2014-cü ildə Oskar mükafatına layiq görülmüş italiyalı Paolo Sorrentinodur. Venesiya kinofestivalının müsabiqədənkənar proqramında serialın 8 bölməsindən yalnız ikisi nümayiş olunacaq.
Serialda Roma katolik kilsəsində inqilab edən uydurulmuş pontifikdən söhbət açılır. Baş rolunda məşhur britaniyalı aktyor Cud Lounun çəkildiyi serial bu ilin oktyabr ayından etibarən İtaliyada, Böyük Britaniyada, Almaniyada, İrlandiyada, Avstriyada və Fransada nümayiş olunacaq.
Qeyd edək ki, 73-cü Beynəlxalq kino sənəti sərgisi - Venesiya kinofestivalı bu il avqustun 31-dən sentyabrın 10-dək Lido adasında baş tutacaq.