CƏMİYYƏT
“ABAD” Bolqarıstanda festivalda təmsil olunub
Bakı, 26 iyul, AZƏRTAC
“ABAD” publik hüquqi şəxs Bolqarıstanın Plovdiv şəhərində “Əl işləri və müasir incəsənət” festival həftəsində iştirak edib. Festival Alman-Azərbaycan Xarici Ticarət Palatası və Plovdiv Ticarət və Sənaye Palatasının birgə tərəfdaşlığı çərçivəsində “EU4Business: Connecting Companies” təşəbbüsünün bir hissəsi olaraq keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ailə bizneslərinə və sənətkarlara öz məhsullarını nümayiş etdirməklə daha geniş platformalara çıxış imkanı qazandırmaq məqsədi daşıyan festivalda qurumu Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri Ləman Əhmədova təmsil edib. “ABAD”çı məhsulları xüsusi ayrılmış stenddə yerli əhaliyə və qonaqlara təqdim olunub, həmçinin “ABAD” və onun fəaliyyət istiqamətləri sərgidə iştirak edən xarici qurumların nümayəndələrinə tanıdılaraq mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Festival müddətində “ABAD”çı məhsulları yerli əhali və sərgidə iştirak edən şirkət nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Sərginin davamı olaraq avqustun 6-da 1-ci Azərbaycan “CultRural” festivalının keçirilməsi və sərgi heyətinin ölkəmizə səfəri gözlənilir.