ELM VƏ TƏHSİL
“ABİTURİYENT” JURNALININ 3-CÜ NÖMRƏSİ NƏŞR OLUNMUŞDUR
Bakı, 18 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, bu qurumun mətbu orqanı olan “Abituriyent” jurnalının 3-cü nömrəsi nəşr olunmuşdur.
Jurnalda 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları, M. V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında), Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında), Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu qaydaları (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında) və s. materiallar verilmişdir.