İQTİSADİYYAT
ABOEMDA-nın informasiya sisteminin "Elektron hökumət" portalına inteqrasiyası üzrə müzakirələr aparılıb
Bakı, 15 avqust, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndələri arasında ABOEMDA-nın informasiya sisteminin "Elektron hökumət” portalına qoşulması, elektron xidmətlərin təşkili haqqında hüquqi, texniki və proqram məsələləri müzakirə edilib.
Portalın operatoru MHM-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən təsdiq edilmiş elektron xidmətlər siyahısına əsasən "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin portal vasitəsilə "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi üçün texniki məqamlar nəzərdən keçirilib. Bu xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması məqsədilə zəruri informasiya və portala qoşulma sxemi Dövlət Agentliyinin nümayəndələrinə təqdim olunub.
Qeyd edilib ki, e-xidmətin istifadəçilərə portal üzərindən çatdırılması bu istiqamətdə qurulan yeni biznes sahələrinin işini sadələşdiriləcək.
Sonda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlığın texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən ABOEMDA-nın əməkdaşlarına təqdim edilib. Hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində qeyd olunan məsələlərin tezliklə reallaşdırılacağı vurğulanıb və uğurlu əməkdaşlığın başlanması məqsədilə ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alınıb.