İQTİSADİYYAT
Abonentlərin sayı 1 milyon 410 min 231-ə çatmışdır
Bakı, 13 iyun (AZƏRTAC). ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsində 2012-ci il iyunun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 410 min 231-ə (o cümlədən 1 milyon 392 min 875 əhali, 17 min 356 qeyri-əhali abonenti) çatmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, abonentlərin 637 min 832-si Bakı şəhərinin (628 min 647-si əhali, 9 min 185-i qeyri-əhali abonenti), 772 min 399-u isə regionların payına düşür (764 min 228 əhali, 8 min 171 qeyri-əhali).
Ümumilikdə, 1 milyon 408 min 68 abonent sayğaclaşdırılmışdır. Onların 1 milyon 390 min 712-si əhali (99,8 faiz), 17 min 356-sı qeyri-əhali (100 faiz) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 627 min 521 əhali abonenti (99,8 faiz), 9 min 185 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 763 min 191 əhali abonenti (99,9 faiz) və 8 min 171 qeyri-əhali abonenti (100 faiz).
Ötən müddətdə əhali abonentlərinin mənzillərində 371 min 749 “smart-kart” tipli qaz sayğacları quraşdırılmışdır. Bunun 63 min 67-si GULF, qalanları isə İTRON sayğaclarıdır. İndiyədək şəhər və rayon mərkəzləri ilə yanaşı, 1013 kənd və qəsəbə təbii qazla təmin edilmişdir.