DÜNYA
ABŞ-da iki milyon dəyərində restoranın sahibi ofisiant qadına şiş xəstəliyinin müalicəsində kömək etmək üçün biznesini satır
Vaşinqton, 8 yanvar (AZƏRTAC). ABŞ-ın Texas ştatında “Kaiserhof” alman restoranının sahibi ofisiant qadınlardan birinə çox bahalı tibbi xidmətin haqqını ödəməkdə kömək etmək üçün biznesini satışa çıxarmışdır. On doqquz yaşlı ofisiant Britani Matisin başında şiş aşkarlanmışdır. Onun atası da bir neçə il əvvəl bu xəstəlikdən dünyasını dəyişmişdir. Britaninin müalicə üçün lazımi məbləği ödəmək imkanı olmadığından restoranın sahibi Maykl de Bayer ona kömək etmək qərarına gəlmişdir. O, on yeddi il sahiblik etdiyi, 560 kvadratmetr sahəsi olan restoranı iki milyon dollara satır. Satışdan sonra bütün pullar Britani Matisin tibbi xidmət borclarının ödənilməsi və müalicəsi üçün köçürüləcəkdir. Tibbi sığorta probleminin aktual olduğu Amerikada bu, qeyri-adi hadisədir və vətəndaşların bir-birlərinə xeyirxahlığını göstərir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton