İQTİSADİYYAT
ABŞ “E&E Publishing” agentliyi “Cənub qaz dəhlizi” mübarizəsində qalib məlum olur” başlıqlı məqalə yaymışdır
Vaşinqton, 2 iyul (AZƏRTAC). ABŞ-da ətraf mühit və enerji məsələləri üzrə ixtisaslaşmış “E&E Publishing” agentliyi iyulun 1-də “Cənub qaz dəhlizi” mübarizəsində qalib məlum olur” başlıqlı məqalə yaymışdır.
Bleyk Sobçakın müəllifi olduğu məqalədə Xəzər regionunu Avropaya birləşdirən “Cənub qaz dəhlizi” və xüsusilə “Şahdəniz” Konsorsiumu tərəfindən seçilmiş “Trans-Adriatic Pipeline” (TAP) qaz kəməri haqqında məlumat verilir və layihənin gələcək perspektivlərinə dair dəyərləndirmə əks olunur. Məqalədə bp neft şirkətinin regional direktoru Qordon Bireldən sitat gətirilərək, TAP-ın seçilməsinin “Şahdəniz II” layihəsinin icrasında irəliyə doğru mühüm addım olduğu vurğulanır.
ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrelin TAP ilə bağlı qərarı Azərbaycan üçün mühüm bir mərhələ kimi alqışladığı göstərilir və ona istinadla, Cənub Qaz Dəhlizinin Avropanı qazla təchiz etməklə bərabər, qlobal enerji təhlükəsizliyinə mühüm bir töhfə olduğu bildirilir.
Müəllif TAP tərəfdarlarının kəmərin keçdiyi dövlətlərlə yanaşı, gələcəkdə qonşuluqda yerləşən Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina kimi ölkələrə də qaz tədarük edə biləcəyinə dair mövqeyini açıqlayır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibəsindən çıxarışların da yer aldığı yazısında B.Sobçak Azərbaycanlı diplomata “Cənubi qaz dəhlizi”nin istinadla Azərbaycanın kiminləsə birbaşa rəqabət aparmaq deyil, daha çox rəqabətli bazarda işləmək istədiyi qeyd olunur. Müəllif səfirin “Biz Qafqazı və Xəzəri Avropaya birləşdirmək istəyirik” ifadəsini vurğulayır.