DÜNYA
ABŞ hərbi bazasının Okinavadan köçürülməsi üçün referendum keçirilə bilər
Tokio, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Yaponiyanın Okinava prefekturasının qanunverici orqanı ABŞ Hərbi-Hava Qüvvələrinin Futemma bazasının köçürülməsi üçün referendumun keçirilməsi məqsədilə müvafiq qərarın hazırlanması barədə qanun layihəsini bəyənib.
AZƏRTAC xəbər verir ki, bu sənəd ümumxalq səsverməsinin keçirilməsi məqsədilə prefektura əhalisinin sentyabrda topladığı 100 min imzanı əhatə edən petisiyaya cavab olaraq Okinava hakimiyyət orqanları tərəfindən qəbul olunub. Qanun layihəsi qubernator Denni Tamaki tərəfindən təsdiq edildikdən sonra altı ay ərzində referendumun təşkilini nəzərdə tutur.
Bununla yanaşı, ümumxalq səsverməsinin təşkili üçün onun Okinavaya daxil olan 41 bələdiyyə tərəfindən dəstəklənməsi lazımdır. Bu bələdiyyələrdən altısı prefekturanın hakimiyyət orqanlarının müvafiq sorğusunu hələ də cavablandırmayıb. Bundan əlavə, eyniadlı adada yerləşən İşiqaki şəhəri ABŞ bazasının köçürülməsi ilə əlaqədar referendumun keçirilməsinin əleyhinə səs verib. Buna görə də referendumun keçirilməsi hələlik sual altındadır.
Okinavanın qanunverici orqanının qərarını şərh edən Yaponiyanın müdafiə naziri Takeşi İvaya bəyan edib ki, sakinlərin və yerli hakimiyyət orqanlarının bazanı prefekturadan çıxarmaq barədə arzularına baxmayaraq hökumətin Futemma ilə əlaqədar mövqeyi dəyişməz qalır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio