DÜNYA
ABŞ-IN BORC VERMƏK İMKANLARI TEZLİKLƏ TÜKƏNƏCƏKDİR
Bakı, 18 iyun (AZƏRTAC). ABŞ tezliklə pul vəsaitlərinin cəlb olunması dəyərinin xeyli dərəcədə artması ilə qarşılaşa bilər. Çünki indiki aşağı faiz dərəcələri ilə borc vermək imkanları tükənəcəkdir. Ölkənin Federal Ehtiyatlar Sisteminin (FES) sabiq sədri Alan Qrinspen bu fikirdədir. Onun sözlərinə görə, ABŞ-ın kredit vermək imkanlarının tükənməz olması barədə təsəvvürlər yanlışdır.
O, ABŞ-ı və digər inkişaf etmiş ölkələri dövlət borclarının artmasının qarşısını almaq üçün büdcə siyasətində radikal dəyişikliklər etməyə çağırmışdır.
Son 18 ayda federal borc kəskin surətdə artaraq 5,5 trilyon dollardan 8,6 trilyon dollara yüksəlmişdir. Bu zaman inflyasiya və uzunmüddətli faiz dərəcələri (büdcə israfçılığının tipik göstəriciləri) təəccüblü də olsa, necə deyərlər, təmkinli qalmaqdadır. Belə vəziyyət kədərli də olsa, adama cinayətkarcasına qayğısızlıq hissi aşılayır. Bunun dəhşətli nəticələri ola bilər.
Hazırda federal hökumət gələcək 30 il üçün öhdəliklər götürmüşdür ki, real şəraitdə onların yerinə yetirilməsi mümkün deyildir. Birləşmiş Ştatların Mərkəzi Bankının sabiq rəhbəri Yunanıstandakı böhranlı büdcə vəziyyəti ilə ABŞ-ın problemləri arasında birbaşa oxşarlığın olduğunu söyləmişdir.