ELM VƏ TƏHSİL
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova qonaqlara bu ali məktəb haqqında geniş məlumat verib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan prorektor universitetdə müxtəlif dillərin tədris olunduğunu, müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Amerika Mərkəzi barədə danışıb. J.Qəribova bu mərkəzin Azərbaycan–Amerika əlaqələrinin, ADU və ABŞ universitetləri arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rolunu qeyd edib.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın çox maraqlı və demokratik bir ölkə olduğunu vurğulayıb. Diplomat Amerika Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, ADU ilə səfirlik arasındakı uğurlu əməkdaşlıqdan danışıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən Nyu-Meksiko ştatının dövlət senatoru Meri Key Papen Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva qonaqlara mərkəz haqqında ətraflı məlumat verib, ötən il bu qurumun nəzdində Amerika Uşaq Mərkəzinin açıldığını qeyd edib. Ş.Xudiyeva burada səfirlik əməkdaşlarının tələbələrə mühazirələr oxuduqlarını, “dəyirmi masa”ların, seminarların keçirildiyini bildirib.
Digər çıxış edənlər də iki ölkə arasında təhsil əlaqələrinin əhəmiyyətindən danışıblar.
Görüş müzakirələrlə davam edib.