SİYASƏT
ABŞ-ın və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsini müzakirə etmişlər
Ankara, 8 aprel (AZƏRTAC). ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İstanbuldakı “Çırağan” sarayında keçirilmiş görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələləri müzakirə edilmişdir.
Görüşdən sonra keçirilmiş mətbuat konfransında Əhməd Davudoğlu bildirmişdir ki, söhbət zamanı regional məsələlər, Cənubi Qafqazdakı vəziyyət, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Ə.Davudoğlu daha sonra demişdir: “Amerikalı həmkarım ilə Türkiyə-İsrail münasibətlərini, Yaxın Şərqdəki vəziyyəti və digər məsələləri də müzakirə etdik. Bütün bu məsələlər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı da diqqət mərkəzində olacaqdır. Lakin, ən aktual problem Suriyadakı vəziyyətin getdikcə ağırlaşması ilə bağlıdır. Biz qərara gəldik ki, bu məsələlər ilə bağlı, habelə İraqın ərazi bütövlüyü ilə əlaqədar bir toplantı keçirək”.
Con Kerri bildirmişdir ki, Türkiyə ilə ABŞ bundan sonra da regional məsələlərə dair məsləhətləşmələri intensivləşdirmək niyyətindədirlər. O, İranın da nüvə proqramının təhlükəsiz olduğunu bütün dünyaya sübut etməsinin zəruriliyini vurğulamışdır.
ABŞ-ın dövlət katibi “Dolmabaxça” sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara